ANA SƏHİFƏ>Yazarlar

23-11-2016, 16:41


“NarHome” niyə yalan danışır?

“NarHome”  niyə yalan danışır?

Oxunub:1562


Xeyli vaxtdı internet sarıdan qulağımız dincdir. Adamı təngə gətirən  kəsintilər yoxdur. Sürət səviyyəsi gözlənən qədər ürəkaçan olmasa da, vəziyyətdən çıxarır. Provayderimiz “Aktiv ol”un kəsinti problemlərindən dəfələrlə yazmışam. Amma son ildə “NarHome” adı altında fəaliyyətə başladığı zamandan bu yana şəbəkə ilə bağlı ciddi bir problem yaşamamışıq insafən. Dünən axşam sükut təzədən pozuldu. Saat 12.00-dın keçən kimi internet kəsildi. Bu vaxt bizim internet ödənişi tarixinə rast gəldiyinə görə, ödənişin yerinə çatmadığından şübhələndik. Çünki başımıza bir dəfə bənzər “müsibət” gəlib, “Million” aparatından ödədiyimiz məbləğ hesaba köçürülmədiyindən, saatlarla internetsiz qalmışıq. Sabahı gözləməli olduq və səhər-səhər ilk işim “NarHome” müştəri xidmətinə zəng vurmaq oldu. Üç gün əvvəl E-manat vasitəsilə ödəniş etdiyimi bildirdim, ora  ilə dəqiqləşmə aparmağımı məsləhət bildilər. Ora zəng vurdum, “məbləğ 3 gün əvvəl hesaba köçüb” dedilər.

Yenidən provayderin müştəri xidmətinə döndüm, şikayəti qeydə alıb, tezliklə cavab verəcəklərini söylədilər. Durumu izah edərək, problemin həllini tezləşdirməyi xahiş etdim. Yarım saat keçdi, heç bir səs çıxmadı. Təkrar-təkrar 3 dəfə zəng vurdum və eyni cavab… Adamı əlaqələndirəcək məsul şəxsləri yoxdur, texniki dəstək qrupu sorğulara 5 gün sonra cavab verir, özləri də problemin nə ilə bağlı olduğunu, nə zaman həll olunacağını demir. Dözmədim, hay-küy qoparmalı oldum. Şirkətlə kəsintisiz internet təminatı haqqında müqaviləmiz var. Bunun pozulması bəs deyilmiş kimi, adamı “səbr edin, düzələcək” deyib başlarından da edirlər. Normal ölkə olsa, bu rəftara görə onları çoxdan məhkəməyə verərdim. Amma bunun da mənasız vaxt itkisi olduğunu bilirəm. Hay-küyün bir təsiri oldu, 5 dəqiqə sonra texniki dəstək qrupundan zəng gəldi. Problemlə məşğul olduqlarını və qısa zamanda məsələnin yoluna qoyulacağını bildirdilər. Gün ərzində 4 dəfə belə zəng gəldi, amma heç nə düzəlmədi və onların iş saatları da beləcə bitdi. İndi internetsiz oturmuşam. Bu ölkədəki bütün özbaşınalıqların və qanunsuzluqların baiskarlarına lənət oxuyuram. Hər şeydən artıq məni yandıran isə “Nar Home”un yalanları və qeyri-ciddi yanaşmasıdır. Əgər bağladığınız müqavilənin şərtlərini pozursunuzsa, mənə bunun əsl səbəbini, onun nə zaman düzələ biləcəyini deməyə, məsul şəxslə danışmaq haqqımı da təmin etməyə borclusunuz. Yoxsa bu yalanlarla həm olan-qalan hörmətinizi itirirsiniz, həm də sizə inamını itirən müştərilərinizi.

Səadət

dle