ANA SƏHİFƏ>Yazarlar

22-11-2016, 16:54


Dünya Səhiyyə Təşkilatının bizim üçün harayı

Dünya Səhiyyə Təşkilatının bizim üçün harayı

Oxunub:1436


Şahvələd Çobanoğlu

Tibbi sığortanın tətbiqi bu gün bizim üçün təcili can və ləyaqət davasıdır. İndi onu tələb etmək “Azərbaycanın Gilqameş dastanı”dır…

İkinci yazı

Afrika ölkəsi Uqandada 2001-ci ildə tibbi islahatlar keçirilib – birbaşa (sığortasız) ödənişdən imtina edilib. Bundan sonra nə baş versə yaxşıdır? Xəstəxanalara müraciət 84faiz artıb. Sən demə, adamyeyənlərinə görə vaxtilə güldüyünüz bu ölkənin sakinləri heç də geridəqalmışlıq ucbatından müasir tibdən qaçmırmış, sadəcə, pulsuzluqdan otlarla müalicəyə oturublarmış. İlk imkan yaranan kimi xəstəxanalara axışıblar.
5 il sonra eyni artım 55 faizlik göstərici ilə Zambiyada təkrarlanıb. Ödəniş olmadığı halda xəstəxanalara yüksək axın yaranıb…
Deməli, Uqandada unikal heç nə baş verməyib, dünyanın hər yerində insanlar maddi problemlər ucbatından həkimə getmirlər, yaxud gec gedirlər. Biz isə çox vaxt şikayətlənirik ki, “müsəlmanın sonrakı ağlı, iş-içdən keçəndən sonra gedir həkimə”. Halbuki məhz yoxsulluqdur insanları sonrakı ağıla saxlayan, son anda həkimə aparan…
Daha bir fakt: “2002-ci ildə Burundidə ödənişli tibbi xidmətə keçildi. İki ildən sonra bəli oldu ki, xəstələrin hər 5-dən 4-ü ya borca düşüb, ya da əmlakını satıb”.
Burundi deyəndə də Azərbaycanı yada salın ki, ölkəmizdə eyni taleyə tuş gəlmişlərin iniltisi eşidilsin. Bir çox ölkələrdə belədir – bədbəxtliyin qapı ağzında dolaşdığı ölkələrdə.
Yuxarıda sadaladığım faktlar mötəbərdir, onlar Doktor Marqaret Çenin hazırlatdığı hesabatdan götürülüb.
Doktor Marqaret Çen Ümumdünya Səhiyyə Təşkilatının hazırkı rəhbəridir. Çəkinmədən, əsas qayədən yayınmadan, problemin məğzini malalamadan, açıq şəkildə deyir: “Tibbi xidmətlərə görə ödənişlər imkansız insanlar üçün sadəcə cəzadır”.
Həmçinin bəyan edir ki, müasir tibbin birbaşa ödənişləri (sığortasız ödənişləri – müəllif) qarşısında çox ölkələrin əksər sakinləri imkansızdır. Aydındır ki, məhz Azərbaycan kimi ölkələrdən söhbət gedir.
Doktor Çen yalnız imkansız insanlardan və ölkələrdən danışmır. O deyir ki, problem təkcə kasıblarla bağlı deyil, xəstəliyə qəfil yaxalanmaq istənilən ölkədə həyatı tam təmin edilmiş adamlar üçün də maddi çətinliyə, hətta maliyyə fəlakətinə çevrilə bilər.
Hətta Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çenə görə tibbi xidmətlər üçün ödəniş əksər insanlar üçün cəza deməkdirsə, siz də çəkinmədən və təkrar-təkrar özünüzə və başqalarına söyləyin ki, bu, insanlıq üçün ciddi cəzadır.
Söhbət Azərbaycandakı kimi “pulsuz səhiyyə”dən getmir, o da bir ayrı bədbəxtlikdir, necə deyərlər, pullu səhiyyədən də ağır cəzadır və biz hazırda onun da yükünü çəkməkdəyik.
Doktor Marqaret Çen sadəcə sözlərlə kifayətlənən adam deyil. 2010-cu ildə olduqca vacib parametrlər üzrə, elə bizi düşündürən problemlərlə bağlı çox ciddi bir hesabatın hazırlanmasına göstəriş verdi. O qədər vacib hesabatın hazırlanmasına başlanıldı ki, sanki sevimli dostunun ölümünə günlərlə ağlayan igid Gilgameş atını minib ölümə çarə axtarmağa – çətin və ağır səfərə üz tutmuşdu…
Doktor Çen bu axtarışları belə adlandırır: “Kömək almağa hamının əli çatmalıdır. Tibbi xidmətlər hamını əhatə etməlidir…”
ÜST-ün sözügedən hesabatı ölkələrdə mövcud maliyyə resurslarından düzgün istifadə edilməməsi, yeni resursların və üsulların tapılmaması barədədir. Yəni fəlakət barədədir – insan fəlakətləri barədə.
Bu hesabatın ortaya çıxardığı emosional köklənti və ictimai baxış gələcək üçün olduqca faydalıdır. Həmin faydanı daha yaxşı təsəvvür etmək üçün Rabindranat Taqorun əsərində “İndi zaman dəyişib, indi otlarla müalicə dövrü deyil” söyləyərək yalvaran qəhrəmanın dialoqunu bilmək gərəkdir. (Bu barədə və Doktor Marqaret Çenin hazırlatdığı hesabatın çox vacib nəticələri haqda növbəti yazılarda).

dle