ANA SƏHİFƏ>Yazarlar

15-11-2016, 18:04


İgid Gilqameş kimi yana-yana ağlamağımız

İgid Gilqameş kimi yana-yana ağlamağımız

Oxunub:296


Şahvələd Çobanoğlu

Tibbi sığortanın tətbiqi bu gün bizim üçün təcili can və ləyaqət davasıdır. İndi onu tələb etmək “Azərbaycanın Gilqameş dastanı”dır…

Birinci yazı

İgidliyi əfsanəyə dönmüş, cəsurluğu dünyaya səs salmış, ölümdən qorxmayan Gilqameş günlərlə hönkür-hönkür ağlayırdı…

Göz qırpmadan təhlükələrə atılan, kədər tanımayan, ucaboylu, şux qamətli, dəmir biləkli qurucu Uruk hökmdarı gənc Gilqameş dayanmadan hönkürürdü.

Onu sakitləşdirən tapılmırdı…

Ağlayırdı yana-yana. Göz yaşları qurumurdu…

Çünki Gilgameşin sevdiyi insan – igid dostu ölmüşdü!

Dostunun cəsədi torpaqda deyildi, Gilgameş onun bağrına basıb ağlayırdı.

Günlər keçirdi, dostu Endukunun cəsədi artıq şəklini dəyişmişdi, yalnız qurdlar cansız bədəni bürüdükdən sonra Gilgameşi ondan qopara bildilər.

Amma Gilqameş yenə ağlayırdı. Dayanmadan ağlayırdı.

Dostunun ölümü ilə barışa bilmirdi!

O qədər barışa bilmirdi ki, axırda ölümə qarşı çıxdı…

Ölümsüzlük tələb etdi! Ölümə hücum etdi…

…”Gilqameş” dastanı qədimliyinə rəğmən dünya ədəbiyyatının misilsiz incilərindəndir. Həm də dünyanın bütün bölgələrində məşhurdur – Qərbdə, Şərqdə, xristian dünyasında, müsəlman aləmində, buddistlər arasında və s. Həm intellektuallar, həm də yüngül ədəbiyyat həvəskarları onu oxuyur və heyrətini gizlətmirlər.

Lakin dastanı inciləndirən bir səbəb də ədəbi, mifik və tarixi qəhrəman Gilgameşdir. Onun ölümə qarşı üsyan hekayəsi bəşəriyyətin həyat yoluna, düşüncə axtarışlarına bir aydınlıq gətirir. Həm də təkcə duyğusal və fəlsəfi anlamda deyil. Həm də sosial anlamda.

Çünki Gilqameş Tanrıların qadağan etdiyi qapıları açmağa getdi, fövqəl güclərlə döyüşdü – namərd ölümü aradan qaldırmaq naminə. Ölümsüzlüyü axtarmağa. Əslində isə dostunun vaxtsız ölümünə görə!

Amma bəlkə Gilqameşin güclü və sağlam dostunun xəstəliyini müasir antibiotiklər üçcə günə sağalda bilərdi!

Bəlkə onun yarasını səhra həkimləri ölümsüz edərdi.

Bəlkə Enduku əməliyyat olunmalı idi, yaxud ona mikrocərrahiyyə kömək edərdi?

Nəinki Gilgameşin çağında (bizim eradan 2 min il öncə!), cəmi 2 yüz il qabaq da hətta Avropa ordularına məxsus səhra hospitallarının yanında kəsilmiş əl və ayaqların qalaqlandığı xüsusi yer vardı. Çünki durmadan yaralı hərbçilərin əl və ayağını kəsmək lazım gəlirdi. Çox sadə səbəbdən – aşağı və yuxarı ətrafların qanqreni onları az keçmədən öldürürdü. Yaraları sağaltmaq mümkün olmurdu. Halbuki həmin yaraların çoxunu indi normal kənd həkimi ev şəraitində sağalda bilər.

Gilqameş bilmirdi bunları! Amma bütün bəşəriyyəti sevdiyi adamların vaxtsız və ciddi olmayan səbəblərdən ölməyinə qarşı çıxmağa səsləyirdi öz hərəkəti ilə.

O, başqalarını ürəkdən sevməyin və sevdiklərin üçün çarə axtarmağın bir simvoludur.

Gilqameş çarə üçün uzun və ağır yollara çıxdı…

O yolları sonradan cəsur beyinləri və Gilgameş kimi böyük ürəkləri olan bilgi adamları davam etdirdi. Yenə də davam etməkdədirlər.

İndi elə xəstəliklərin çarəsi tapılıb ki, adam doğrudan da Gilgemişin yerinə Endukunu ağlamaq istəyir. Elə bir igid “xırda bir səbəbdən ölə bilərmi?” deyərək (dastanda bunun fövqəl səbəbi verilsə də) hönkürmək istəyirsən…

Elə burada, necə deyərlər, Kərəmi də ağlamaq tutur. Bəs bizim yaxınlarımız? Həm də tarixin bu çağında! Onlar çoxdan yoxa çıxmalı səbəblərdən – qəzalardan, xəstəliklərdən bu qədər tez ölməli idimi?

Bizim əlimiz niyə çarələrə çatmır? Niyə xəstəliklərin vaxtında profilaktikasına, vaxtında müalicəsinə imkan edə bilmirik? Hansılara qarşı indi tibb aciz deyil.

Axı nəyə görə yaxınlarımız xəstələnəndə nə keyfiyyətli tibbi xidmət əldə edə bilirik, nə də müflisləşməkdən özümüzü qoruya bilirik. Bir çoxlarımız xərcləri qarşılamaq üçün evini satmağa məcbur olur – bu da kiməsə sirr deyil.

Çağımızın normal ölkələrində orta ömür qalxmış, yolxucu xəstəliklərlə mübarizədə qələbələr əldə edilmiş, uşaq ölümü heyrətamiz dərəcədə azaldılmış, ən təsirli dərman və tibbi qurğular icad edilmiş, tibbi xidmət bəlkə də Gilgameşi də sakitləşdirəcək həddə gəlmişdir. Lakin bizim onlara ya əlimiz çatmır, ya da pulumuz.

Yalnız bir faktı nəzərə alın. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bəyan edir ki, Almaniyada çatımlı olan tibbi kömək 49 möhtac ölkədə gerçəkləşə bilsəydi, 5 il ərzində doğuş edən 700 min ananı ölməkdən xilas etmək mümkün olardı.

 

dle