ANA SƏHİFƏ>Siyasət

23-02-2017, 19:01


Multikulturalizm Mərkəzində Xocalı tədbiri – Foto

Multikulturalizm Mərkəzində Xocalı tədbiri – Foto

Oxunub:277


Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin konfrans salonunda “Terror multikulturalizmə qarşı: “Xocalı soyqırımı – 25” adlı anım tədbiri keçirilib.

Tədbirdə Dövlət müşaviri, akademik Kamal Abdulla, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, BBMM-in Moldova filialının rəhbəri Aurelio Qriqoriu, ziyalılar, Xocalı soyqırımının şahidləri, ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət müşaviri Kamal Abdulla soyqırımın 26 fevralda daim xatırlandığını bildirib və əslində, hər kəsin bu ağrını ilin bütün günlərində ürəyində daşıdığını deyib:

“Bu gün Xocalı soyqırımının bütün dünyaya çatdırılması üçün əsaslı addımlar atılır. Xüsusən, Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı imzaladığı sənədlər faciədən bütün dünya ölkələrində yaşayan insanların xəbər tutmasında mühüm rol oynayır. Xocalı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir. Ona görə də bu gün bir çox millətlər bizim bu ağrımızı, kədərimizi bölüşürlər. Biz çox mənunuq ki, xristianlar, yəhudilər və başqa millətlər bu gün bizim yanımızdadırlar”.

Daha sonra Xocalı soyqırımı haqqında çəkilən sənədli film nümayiş olunub.

Çıxış üçün söz alan Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı faciəsinin nəticələrindən danışıb:

“Xocalı bizim tarixi yerlərimizdən biridir. Ermənilər bu bölgədə vəhşilik törətməklə həm tariximizə zərbə vurmaq, həm də bu dəhşətli qətliamla xalqda qorxu, xof yaratmaq istədilər. Təsadüfi deyil ki, Xocalıdan sonra bəzi kəndlərin işğalı sürətləndi. Ermənilər orada insanların başına elə oyun açdılar ki, qırğından sağ çıxan insanlar çox yaşamadılar, vaxtından tez vəfat etdilər.

Ancaq aprel döyüşləri göstərdi ki, ordumuz, xalqımız nəyə qadirdir. Biz tezliklə torpaqlarımızı azad edib, orada məskunlaşacağıq”.

BBMM-in Moldova filialının rəhbəri, keçmiş ombudsman Aurelio Qriqoriu da Xocalı faciəsi haqda ürək ağrısı ilə danışıb.

Tarix elmləri doktoru Solmaz Tovhidi ermənilərin tarix boyu xalqımıza olan düşmənçiliklərindən, mənfur niyyətlərindən söz açıb.

Tədbir iştirakçıları faciə haqqında fikirlərini bildirməklə yanaşı, aprel döyüşləri zamanı ordumuzun qazandığı şanlı Lələtəpə, Talış yüksəkliyi zəfərlərini də diqqətə çatdırıblar.

Sonda söz alan Dövlət müşaviri Kamal Abdulla bir daha şəhidlərə Allahdan rəhmət diləyib. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində bundan sonra da fəaliyyətlərinə davam edəcəklərini bildirib.

dle